SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İrəvana qarşı Bakının “Dəmir at” gedişi: - işğalçının blokadası güclənir

İrəvana qarşı Bakının “Dəmir at” gedişi: - işğalçının blokadası güclənir

Tarix:

6-03-2017, 09:29

/ 1 555 dəfə oxundu.
İrəvana qarşı Bakının “Dəmir at” gedişi: - işğalçının blokadası güclənir

İqtisadi maraqlar, bir qayda olaraq, siyasi maraqlar doğurur, iki və çoxtərəfli əməkdaşlığı zəruri edir. Güney Qafqaz regionu da istisna təşkil etmir. Regionun “ağırlıq mərkəzi” isə şübhəsiz ki, Qərb-Şərq və Şimal-Cənub strateji marşrutlarının vazkeçilməz dövləti Azərbaycandır. Bu, ölkəmizin ən əvvəl işğalçı Ermənistan qarşısında çox mühüm geosiyasi üstünlüyüdür.

Azərbaycan özünün həm əlverişli coğrafi mövqeyi, həm də sanballı iqtisadi-energetik potensialı sayəsində qonşu dövlətlər üçün, Qərb-Şərq üçün öz tranzit önəmini ilbəil artırmaqdadır. Nə xoş ki, bu yöndə işğalçı Ermənistanı təlaşlandıran sevindirici xəbərlər artmaqdadır.

***

Xəbərlərdən biri 2007-ci ildə inşasına başlamış strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilə bağlıdır. Dəmiryolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir və artıq başa çatmaq üzrədir. Bu barədə danışan Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib ki, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması artıq yekunlaşır.

“Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Bu məsələ bir neçə gün əvvəl İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin həmin sammit çərçivəsində keçirdiyi görüşlərdə bütün 10 ölkənin liderləri Bakı-Tiflis-Qars və Qars-İqdır-Naxçıvan dəmiryolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər”, - deyə nazir qeyd edib.

*****

Ötən həftəsonu başqa bir xoş xəbər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı gəlib. Belə ki, Azərbaycandan iki ölkənin dəmiryolları şəbəkəsini birləşdirən Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu xətti üzərindən İrana ilk sınaq qatarı gedib. Tədbirdə hər iki şəhərin icra hakimiyyətinin başçıları, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-dən isə bildiriblər ki, dəmiryolu xəttinin rəsmi açılış mərasimi martın 6-da baş tutacaq.
“Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Ötən yay Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında baş tutmuş zirvə görüşündə əsas məqsədlərdən biri də məhz bu layihəni intensivləşdirməklə bağlı idi.

***

Gözlənildiyi kimi, hər iki dəmiryolu layihəsi Ermənistanda ciddi narahatlıq doğurub. Çünki bu dəmir xətləri onun ərazisindən yan keçməklə yanaşı, işğalçı ölkənin nəqliyyat blokadasını gücləndirir. Təsadüfi deyil ki, erməni lobbisi vaxtilə Bakı-Tiflis-Qars dəmiryolunu əngəlləmək üçün dəridən-qabıqdan çıxmış, hətta bu məqsədlə ABŞ Konqresinə təzyiqlər göstərmişdi.
“Şimal-Cənub” layihəsini pozmaq üçün isə Ermənistan neçə vaxtdır həm də Azərbaycanla İranın arasını vurmağa çalışır. Fəqət, düşmən ölkənin səyləri boşa çıxır. Böyük ehtimalla, Azərbaycan prezidenti İlham Əliyevin bu gün Tehrana başlayan növbəti səfəri ilə işğalçı ölkənin ümidləri bir az da puç olacaq.

Deyilə bilər ki, İran onsuz da Ermənistanın tərəfdaşıdır. Ancaq tərəfdaşlıq konkret iqtisadı maraqlar üzərində qurulur. İqtisadi-maliyyə sferası tamamilə Rusiyanın nəzarətində olan, heç bir sanballı təbii qaynağa malik olmayan, özü isə Azərbaycan və Türkiyə tərəfindən izolyasiyada və sərhədləri qapalı saxlanılan, dünya okeanına çıxışdan məhrum Ermənistan İran üçün hansı iqtisadi-ticari maraq kəsb edə bilər ki?

İrana öz iqtisadiyyatını dirçəlmək üçün yeni maliyyə mənbələri lazımdır. “Şimal-Cənub” nəqliyyat dəhlizi bu xüsusda unikal imkanlar yaradır. İrəvanda yəqin ondan da xəbərdardılar ki, Azərbaycanla İran arasında başqa, ikitərəfli layihələr də var. Bura Bakıda birgə dərman zavodlarının və Araz çayı üzərində SES-in inşası (artıq tikintilər başlanıb) daxildir.

*****

Beləcə, Ermənistanın iqtisadi, nəqliyyat-kommunikasiya blokadası güclənməkdə, onun beynəlxalq aləmlə normal əlaqələri daha əlçatmaz duruma gəlməkdədir. Yan keçən dəmiryolu projeləri düşmən ölkənin qorxulu röyasına çevrilməkdədir. Qatarları isə obrazlı şəkildə bəzən “Dəmir at” da adlandırırlar. Bu mənada uğurla reallaşmaqda olan hər iki layihəni Ermənistana qarşı “Dəmir at” gedişi də adlandırmaq olar.

İrəvanın “Dəmir günbəz” xofunun ardınca “Dəmir at” təlaşı... Bu təlaşın təzahürüdür ki, təcavüzkar ölkə getdikcə daha da ağırlaşan nəqliyyat blokadasından heç olmasa, Gürcüstan vasitəsilə çıxmağa çalışır. Erməni baş naziri Karen Karapetyanın fevralın sonunda Tiflisə iki günlük səfərin əsas məqsədi də Gürcüstan hökumətini artıq 10 ildən çoxdur işləməyən Moskva-Suxumi-Tiflis- İrəvan dəmiryolu xəttinin açılışına razı salmaq idi.

Ancaq bu hiylənin baş tutacağı inandırıcı deyil. Ötən saylarımızın birində yazdığımız kimi, Gürcüstan çətin ki, bu addıma getsin. Ona görə bu, mümkün görünmür ki, o halda Tiflis separatçı bölgənin müstəqilliyini de-fakto tanımış olacaq, özünə qarşı Rusiya təhlükəsini artıracaq, Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlərini narazı salacaq.
Mövcud durumda Ermənistanın yeganə çıxış yolu, nəhayət, Azərbaycana qarşı işğalçılıq siyasətinə, ölkəmizə və qardaş Türkiyəyə qarşı ərazi iddialarına son qoyub qonşu dövlətlərlə dinc-yanaşı, sülh şəraitində yaşamaq kursu seçməsidir. Əks halda, Ermənistan üçün bataqlıq effekti davam edəcək: tərpəndikcə daha dərinə gedəcək.

Şərhlər

XƏBƏR LENTİ